Xətai rayon məktəblərində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam edir
Noyabr ayı ərzində Xətai rayonunun ümumtəhsil məktəblərində narkomaniya ilə mübarizəyə həsr olunmuş “Narkomaniyaya ‘YOX’ deyək” adlı silsilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları, Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov, məktəb rəhbərləri və şagirdlər iştirak ediblər.
Çıxış edən natiqlər narkomaniyanın müasir dövrdə cəmiyyət üçün ən ciddi sosial problemlərdən biri olduğunu vurğulayaraq, onun insan sağlamlığına, ailələrə və ictimai təhlükəsizliyə göstərdiyi mənfi təsirlər barədə məlumat veriblər. Bildirilib ki, narkomaniya həm bədən, həm də zehni sağlamlığı məhv edən, xüsusilə gənclərin gələcəyinə ciddi təhlükə yaradan bəladır.
Tədbirlər zamanı həmçinin tütün məmulatları və alkoqollu içkilərin azyaşlılar arasında istifadəsinin qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən hüquqi və maarifləndirici tədbirlər barədə də geniş məlumat verilib.
Sonda iştirakçılara narkomaniyanın fəsadlarını əks etdirən “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici videoçarx təqdim olunub.






