Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəb Heydər Əliyev Fondu tərəfindən müasir tələblərə uyğun yenidən qurulub

02 oktyabr 2025 | 15:07

Xətai rayonu ərazisində yerləşən Tahir Bağırov adına 59 saylı tam orta məktəbin binası 1936-cı ildə inşa olunmuş və 89 il ərzində fəaliyyət göstərmişdir. Uzun illər istifadədə olan bina artıq müasir tələblərə cavab vermədiyindən 2024-cü ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmiri və yenidən qurulması həyata keçirilib.

Məktəbin açılış tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nərminə Hüseynova, məktəb rəhbərliyi  iştirak ediblər.

Yenidən qurulan məktəb kompleksi iki korpusdan ibarətdir. Əsas tədris korpusu – 4 mərtəbədən ibarət olan bu bina 1036 şagird yerlikdir. Burada ümumtəhsil sinif otaqları ilə yanaşı, fizika, kimya və biologiya laboratoriyaları, informatika otağı, müasir tələblərə cavab verən STEAM mərkəzi, hərbi hazırlıq otağı, tibb məntəqəsi, müəllimlər otağı, texnologiya kabinetləri, geniş kitabxana, yeməkxana, akt zalı, idman və gimnastika zalları, eləcə də açıq mini stadion və idman meydançası inşa olunub.

İbtidai təhsil korpusu – 2 mərtəbəli bu bina 348 şagird yerlikdir. Burada ibtidai siniflər üçün nəzərdə tutulmuş 20 sinif otağı, informatika otağı, yeməkxana və idman zalı fəaliyyət göstərir.

Məktəb ən müasir mebel və avadanlıqlarla təchiz olunmuş, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilmişdir. Təhlükəsizlik baxımından da zəruri tədbirlər görülüb – binada yanğından mühafizə sistemləri qurulub.

Bundan əlavə, məktəbin həyətyanı ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb, şagirdlərin sağlam istirahəti və idmanla məşğul olmaları üçün yeni açıq idman meydançaları salınıb. Məktəbin həyətində yerləşən Şəhidlər abidəsi də tamamilə yenidən qurulmuşdur.

Keçidlər