Xətai rayonunda Antiterror şəhidlərinin xatirəsi yad edilib.
20.09.2025-ci ildə ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Daşdəmirov Sahib Natiq oğlu, Məmmədov Rasim Oktay oğlu və İsmiyev Zeynal Mustafa oğlunun vəfatının ildönümündə anım tədbirləri keçirilib.
Tədbirlərdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid ataları, rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları qəhrəmanların məzarları üzərinə əklil və tər güllər düzüblər. Onların ruhuna dualar edib, ehtiramlarını bildiriblər.
Çıxış edənlər qeyd ediblər ki, antiterror əməliyyatı Azərbaycan dövlətinin qələbəsi, xalqımızın haqlı mövqeyinin, tarixi ədalətin, Vətən sevgisinin və döyüşlərdə iştirak edən Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Birgünlük antiterror əməliyyatı Vətən müharibəsində tarixi Zəfərin davamı, Azərbaycanın gücünün daha bir nümayişi oldu. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq.
Ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsini bir daha hörmət və ehtiramla anır, onların ailə üzvləri və yaxınlarına səbr, döyüşlərdə yaralanan hərbi qulluqçularımıza isə uca Allahdan şəfa diləyirik.






