Xətai rayonunda “Milli birlik və suverenlik – Zəfərin təntənəsidir” adlı tədbir keçirilib
Xətai rayonun, 264 nömrəli məktəb-liseydə Xətai Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai rayon Məhkəməsinin birgə təşkilatçılığı ilə “Milli birlik və suverenlik – Zəfərin təntənəsidir” adlı tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Məhəmməd İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşları Nuri İmanov və Rəşadət Hidayətov, Xətai rayon Məhkəməsinin hakimi Rəfail Sadıxov, Hərbi Komissarlığın nümayəndəsi baş leytenant Mahir Həsənli və Hərbi Komissarlığın müfəttişi Cəfər Hüseynov iştirak ediblər.
Tədbir Dövlət bayrağının səhnəyə gətirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra məktəbin hərbi rəhbəri Dadaş Səfərov çıxış edərək Azərbaycanın müstəqilliyi, Ordumuzun qəhrəmanlığı və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən danışıb.
Çıxış edən qonaqlar tədbir iştirakçılarını salamlayaraq Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın milli birliyindən və igid əsgər və zabitlərimizin şücaətindən bəhs ediblər. Onlar həmçinin torpaqlarımızın işğaldan azad edilməsindən sonra aparılan bərpa və quruculuq işlərindən söz açıblar.
Tədbir boyu məktəbin şagirdləri tərəfindən Vətənə, azadlığa və qəhrəman şəhidlərimizə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub. Şagirdlərin ifasında səslənən vətənpərvər şeirlər və mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.






