Xətai Rayonunda "Qərbi Azərbaycana qayıdış" adlı dəyirmi masa keçirilib
Xətai Rayon İcra Hakimiyyətinin, Xətai rayonunda Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, və Qərbi Azərbaycan İcmasının Xətai rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış" adlı dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndərin Xətai rayonunda ucalan abidəsini ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər.
YAP Xətai rayon təşkilatının inzibatı binasında davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Xətai rayonu üzrə nümayəndəsi Elxan Qəmbərov Qərbi azərbaycanlıların öz ata yurdlarına qayıdışının tarixi əhəmiyyət kəsb etdiyini bildirib, bu istiqamətdə cənab İlham Əliyevin apardığı müdrik, uzaqgörən və qətiyyətli siyasəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quliyev Qərbi Azərbaycana qayıdış məsələsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətində mühüm yer tutduğunu vurğulayaraq bildirib ki, Qərbi Azərbaycana qayıdış bizim haqqımızdır. R.Quliyev qeyd edib ki, Qərbi Azərbaycandan olan əhalinin öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüquqlarının bərpa olunması istiqamətində ölkədə yüksək səviyyədə işlər həyata keçirilir, digər tərəfdən də Qərbi Azərbaycan həqiqətlərinin ölkəmizdən kənara daşınması prossesi uğurla davam etdirildir.
Qayıdış hüququnun beynəlxalq insan hüquqlarının ayrılmaz hissəsi olduğunu bildirən Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasının tarixi zərurət olduğunu bildirdi və bu istiqamətdə müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti barədə tədbir iştirakçılarını məlumatlandırdı. Millət vəkili hazırkı qlobal qaçqın böhranı müstəvisində bu hüququn ən optimal həll variantı kimi daha da aktuallaşdığını da xüsus olaraq qeyd elədi.
Keçirilən dəyirmi masanın əhəmiyyəti barədə danışan YAP Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev sovetlər dönəmindən başlayaraq ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə ümummilli liderimiz Heydər Əliyevin milli maraqlarımıza xidmət edən fəaliyyəti barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi. O bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində biz hər gün Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq. Növbəti hədəf isə Qərbi Azərbaycana qayıdışdır.
Tədbirdə çıxış edən digər natiqlər - riyaziyyat üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, 138 saylı tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli, şəhid atası, Xətai Rayon Ağsaqallar Şurasının sədri Mürvət Əsgərov və Xətai Bələdiyyəsinin məsul əməkdaşı Rövşən Məmmədov tədbirin əhəmiyyətindən danışaraq, təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkili çəkildi.