Xətai rayonunda Üzeyir Hacıbəylinin 140 illik yubileyinə və Milli Musiqi Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2025-ci il tarixli “Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası, eləcə də 18 sentyabr – Milli Musiqi Günü münasibətilə Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən uşaq musiqi məktəblərində, kitabxanalarda və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirlərdə iştirak etmişlər.
Tədbirlər çərçivəsində Xətai rayonunun 13, 30, 25 və 34 nömrəli uşaq musiqi məktəblərində Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş konsert proqramları təqdim edilmiş, şagirdlər və müəllim heyəti tərəfindən bəstəkarın əsərləri ifa olunmuşdur. Musiqi məktəblərində, həmçinin, bəstəkarın həyat və irsini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Rayonun mədəniyyət evlərində və kitabxanalarında Üzeyir Hacıbəylinin zəngin yaradıcılığına dair tematik sərgilər, dəyirmi masalar və musiqi gecələri təşkil olunmuşdur. Tədbirlərdə çıxış edənlər dahi bəstəkarın milli musiqi sənətinin formalaşmasında və inkişafında misilsiz rolundan, pedaqoji, publisistik və ictimai fəaliyyətindən geniş bəhs etmişlər.
Keçirilmiş tədbirlər Üzeyir Hacıbəylinin çoxşaxəli irsinin təbliği, gənc nəslin milli musiqi mədəniyyətinə marağının artırılması və Azərbaycanın musiqi tarixində tutduğu əvəzsiz yerin daha dərindən mənimsənilməsinə xidmət edir.






