Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Xətai Rayon İcra Hakimiyyətində olmuşdur

17 may 2017 | 11:00

Xətai rayon İcra Hakimiyyətində Yaponiyanın ölkəmizə yeni təyin olunan səfiri Teruyuki Katori ilə görüş olub. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, Yaponiya səfirliyinin nümayəndələri və rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qonağı səmimi salamladıqdan sonra onu Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı naminə görəcəyi işlərdə uğurlar arzulayıb. Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinin tamam olduğunu və bu illər ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Razim Məmmədov qeyd edib ki, hər iki dövlətin rəhbərləri istər siyasi, istərsə də digər sahələrdə bu əməkdaşlığın yeni müstəviyə çıxması istiqamətində son illər uğurlu addımlar atırlar. Bu addımlardan biri də Azərbaycan Prezidentinin tapşırığı ilə ölkənin 10-dan artıq rayon İcra Hakimiyyəti başçısının 2014-cü ildə Yaponiyaya 10 günlük təcrübə mübadiləsinə göndərilməsi olmuşdur. Cənab Razim Məmmədov 2016-cı ilin sonunda Xətai rayonundan olan nümayəndə heyətinin Yaponiyaya səfəri barədə də təəssüratlarını bölüşərək bildirdi ki, Yaponiya hökumətinin, Xarici İşlər Nazirliyinin, hakim siyasi partiyanın, Tokio prefekturasının rəsmi nümayəndələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə çox maraqlı görüşləri olub.  Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı fəaliyyəti ilə də tanışlığımız bizdə xoş təəssüratlar oyadıb.

Milli Məclisin üzvü Hüseynbala Mirələmov Xətai rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə özünün də iştirak etdiyi Yaponiyaya səfəri ilə bağlı təəssüratlarını bölüşərək bildirib ki, Yaponiyada olarkən bu ölkənin iqtisadi inkişafı, şəhər infrastrukturunun modern texnologiya əsasında idarə olunması, insanların öz vəzifələrinə yüksək məsuliyyətli və vicdanla yanaşması onlarda böyük maraq doğurmuşdur. Görüşlərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Razim Məmmədov ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib hazırlanması barədə məlumat verib. Vurğulayıb ki, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında mövqeyini möhkəmləndirib.

Xətai rayonu haqqında qonağa məlumat verərək bildirildi ki, Xətai rayonu paytaxt Bakının ən böyük sənaye və yaşayış rayonlarından biridir. Bu rayonun keçmişi ilə bu günü müqayisəyə belə gəlmir. Belə ki, vaxtı ilə hamının “qara şəhər” adlandırdığı bu rayon indi Bakının ən sürətlə inkişaf edən rayonlarından biridir.  Bu möhtəşəm uğurların əldə edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. O böyük uzaqgörənliklə deyirdi ki, “Bir vaxt gələcək, “Qara şəhər” “Ağ şəhər”ə çevriləcəkdir”. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial- iqtisadi inkişaf layihələri sayəsində Ulu Öndərimizin bu arzusu reallığa çevrilmişdir.

Aparatın İctimai –Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov rayonun beynəlxalq əlaqələrindən, qardaşlaşdığı şəhərlər haqqında  geniş məlumat verərək bildirib ki, Xətai rayonu  Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlıq münasibətləri qurmuş və bu münasibətlərin inkişafı üçün bir çox işlər həyata keçirilmişdir. O, Tarsus şəhərində Ümummilli lider Heydər Əliyevin adını daşıyan körpü və parkın inşa edildiyini, həmin parkda Ulu Öndərin heykəlinin ucaldıldığını qeyd edib və gələcəkdə Tokio prefekturasının Setaqaya şəhəri ilə də bu cür əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Daha sonra Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri,  Milli Məclisin üzvü Hüseynbala Mirələmov, səfir Teruyuki Katori, və Yaponiya səfirliyinin nümayəndələri Xətai rayonundakı Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.

Diplomat Xətai rayonunda salınan Yapon bağıyla da tanış olub. Diqqətə çatdırılıb ki, Yaponiyanın "KOSUQİ" şirkəti tərəfindən salınan Yapon bağı qədim yapon mədəniyyətini özündə əks etdirən atributlarla zəngindir. Parkda Azərbaycanın müxtəlif yerlərindən, xüsusən də Xızı dağlarından gətirilən təbii qaya və çay daşlarından "Şəlalə" kompleksi qurulub. Bağın tikintisinə yerli mütəxəssisələrlə yanaşı 11 yaponyalı mütəxxəsis də cəlb olunub. Müasir üslubda tikilən və geniş imkanlara malik olan park yerli sakinlərlə yanaşı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını izləməyə gələn əcnəbilərin də marağına səbəb olur.

Keçidlər