Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyin, dövlətçiliyin Qurtuluş günü

13 iyun 2017 | 11:00

Xətai rayonunda “15 İyun- Milli Qurtuluş günü” Azərbaycanın dövlət müstəqilliyinin xilaskarı ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda böyük coşqu ilə qeyd edildi.

İcra hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyasının üzvləri, rayon ictimaiyyətrinin nümayəndələri əvvəlcə, Qurtuluş Gününü müstəqillik tariximizə yazan ulu öndər Heydər Əliyevin parkdakı abidəsini ziyarət edib qarşısına gül dəstələri qoydular.

Hərbi orkestrın ifasinda səslənən dövlət himnimizə sayğı duruşundan sonra tədbirin rəsmi hissəsini açan Xəta Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva qeyd etdi ki, bu gün azadlığımızın, milli dövlətçiliyimizin bərqərar olmasının bayramıdır.  24 ildir ki, bəhrəsini gördüyümüz, yaşadığımız bu  azadlığı bizə, bütün ömrü boyu “Azadlıq və istiqlqliyyət hər bir xalqın milli sərvətidir”  düşüncəsi ilə mücadilələrdən yorulmayan xalqımızın dahi oğlu ümummilli lider Heydər Əliyev bəxş etmişdir.  J.Abdıyeva müstəqilliyimizin həyata yenidən qayıdışı  kimi qiymətləndirdiyi Qurtuluş  gününün tarixinə qısaca nəzər salaraq bildirdi ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı anbaan dərinləşməyə başladı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Erməni təcavüzünün gündən-günə gücləndiyi bir vaxtda Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında sözün əsl mənasında qanlı mübarizə gedirdi. Ermənistanın işğalçılıq planlarının qarşısını almalı olan hakimiyyət qüvvələri, əllərinə düşən fürsətdən istifadə edib siyasi rəqiblərini, xüsusilə xalq arasında böyük nüfuza və etimada sahib olan, sağlam siyasi qüvvələrin liderinə çevrilmiş Heydər Əliyevi bütün vasitələrlə neytrallaşdırmağa çalışırdılar.

Natiq həmçinin qeyd etdi ki, gərgin, əzablı, qan-qadalı günlərin uzandığı, Azərbaycanın təslimə yol getdiyi, vətənpərvər qüvvələrdə müstəqilliyi itirmək xofu yarananda nəzərlər böyük siyasət ustasına yönəldi. Hətta hakimiyyətə yiyələnib onu eybəcər hala salmış insanlar belə Heydər Əliyevi xilaskar kimi görür və məhz onun ölkəyə daha çox lazım olduğunu dərk edirdilər. Böyük dövlət adamı gəldi və Azərbaycan rahat nəfəs almağa başladı. Siyasi təcrübə, müdrüklik, uzaqgörənlik və mətin siyasətçi nüfuzu Heydər Əliyevə imkan verdi ki, ən mürəkkəb problemləri belə bir-bir arxada qoysun, Azərbaycanı müstəqilliyin çətin yolları ilə irəli aparsın.

Bayram tədbirində çıxış edən Azərbaycan Pedaqoji Universitetinin professoru Maqsud Nəcəfov, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli və digər natiqlər çıxışlarında qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı Azərbaycan müstəqilliyinin yeni tarixində dönüş mərhələsinin başlanğıcı, xaos və anarxiyada çabalayan bir dövlət müstəqilliyinin möhkəm təməl üzərində  yüksəlişinin başlanğıcı oldu. Zaman bizə göstərdi ki,  dünyanın tanımadığı,  iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan az bir vaxtda beynəlxalq iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrildi.

Çıxışlarda ulu öndər Heydər Əliyevin siyasi varisi, sədaqətli silahdaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz misilsiz uğurları, həyata keçirdiyi strateji xətti, bu dövrün qlobal layihələrini gerçəkləşdirməklə, ölkəsini nəinki regionun, həm də, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevirmişdir.

Tədbirin sonunda Xətai rayon incəsənət ustaları zəngin konsert proqramı ilə çıxış etdilər. Konsertdə ulu öndər Heydər Əliyevə həsr edilmiş şeir və mahnılar ifa olundu.

 

Keçidlər