Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Təbabəti Muzeyinə ekskursiya

16 avqust 2017 | 11:00

       15 avqust 2017-ci il tarixdə  Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon Gənclər və İdman İdarəsi və 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzin bir qrup könüllü gəncinin Xətai rayonunda yerləşən Azərbaycan Təbabəti Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

    Ekskursiya çərçivəsində muzey haqqında gənclərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzey keçmiş Qaraşəhər müalicəxanasının binasında yerləşir. Bu müalicəxanada görkəmli dövlət xadimi Nəriman Nəcəfqulu oğlu Nərimanov 1914-1917-ci illərdə Həştərxan sürgünündən sonra həkim kimi fəaliyyət göstərmişdir. Bunu muzeyin giriş hissəsində qranit baralyef üzərindəki xatirə lövhəsi bir daha təsdiq edir.
     Qeyd olundu ki, 9 zaldan ibarət olan muzeydə Azərbaycan xalqının mədəni irsinin mühüm tərkib hissəsini, qədim dövrlərdən başlanmış bugünkü günə qədər respublikanın tibb və səhiyyəsinin inkişaf tarixini, habelə Azərbaycan alimlərinin vətən və dünya elmindəki nailiyyətlərini əks etdirən fotoşəkillər, sənədlər və əsərlər nümayiş etdirilir.
   Muzeydə həmçinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əldə edilən uğurlar, ulu öndərin müxtəlif konfranslarda iştirakı, tibb işçiləri ilə, dünya şöhrətli M. Rastrapoviç, Maykl Debeyki və İhsan Doğramaçı ilə görüşlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir.
    Burada Azərbaycanda oftalmologiyanın inkişafı sahəsində əvəzsiz xidmətləri olan əməkdar elm xadimi, M.İ.Averbax adına mükafata layiq görülmüş akademik Zərifə Əliyevanın elmi fəaliyyətinə dair sənədlər də nümayiş etdirilir. Zərifə Əliyevanın çoxistiqamətli elmi yaradıcılığı 14 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapmışdır.
     Muzeyin sonuncu zalında Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə açılmış, əsaslı təmir olunmuş tibb ocaqlarının fotoşəkilləri təqdim olunur. Stendlərdə həmçinin Prezident İlham Əliyevin səhiyyə islahatlarının aparılması yönündə verdiyi sərəncam və fərmanlar nümayiş olunmuşdur.

Keçidlər