Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda yeni bağça istifadəyə verilib

03 fevral 2018 | 11:00

Xətai rayonunda dövlət proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin inşası və bərpası işləri davam etdirilir. Rayon ərazisində istifadəyə verilən müasir yeni bağçada 80 uşaq tərbiyə alacaq.
Təhsil sahəsində qazanılan uğurlar məktəbəqədər təhsildən başlayır. Ona görə də ölkəmizdə məktəbəqədər təhsilin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzindədir. Xətai rayonunda istifadəyə verilən növbəti müasir bağça və burada yaradılan şərait ölkədə bütün sahələrdə olduğu kimi uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqətin təzahürüdür.
Xətai rayon icra hakimiyəti başçısının müavini Jalə Abdıyeva yeni nəslin layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin başlıca prinsiplərindən biri olduğunu, rayonda həyata keçirilən sosial layihələr sırasında da yeni məktəb və uşaq bağçalarının inşasının əsas yer tutduğunu bildirdi. Bu sahədə  Heydər Əliyev Fondunun həyata keçirdiyi "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının əhəmiyyətini yüksək qiymətləndirdi. Sonra bağçada yaradılan şəraitlə tanışlıq oldu. Bildirildi ki, 80  yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edir. Uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb.Qeyd olundu ki, məktəbəqədər təhsil müəsisəsi uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayacaq. Həmçinin uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına öz töhfəsini verəcək. Uşaqların maraqları nəzərə alınaraq bağçada gözoxşayan həyət, xüsusi istirahət guşələri, müasir uşaq əyləncə qurğuları quraşdırılıb.

Keçidlər