Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundan olan tur-aksiya iştirakçıları Naxçıvan şəhərinin tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar

16 mart 2019 | 11:00

Martın 15-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Xətai rayonundan  olan məktəblilər Naxçıvan Muxtar Respublikasına gəliblər.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 5 minədək eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər qurulub, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Naxçıvan Dövlət Xalça Muzeyinə gələn şagirdlərə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.

Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar. Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərin diqqətini cəlb edib. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr şagirdlərdə böyük maraq oyadıb. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatun türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatunun məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir. Xan sarayında olarkən bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.

Şagirdlər regionun nüfuzlu ali təhsil ocaqlarından olan “Naxçıvan” Universitetinə də səfər ediblər. Ali təhsil ocağında şagirdlərə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra var. 2015-ci il sentyabrın 15-də “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. Qeyd olunub ki, yaradılmış şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı hər il artır. Hazırda universitetin 1000-ə yaxın tələbəsinin təhsili ilə 81 nəfər müəllim məşğuldur. Onların sırasında AMEA üzvləri, elmlər doktorları, professorlar, dosentlər var. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.

Naxçıvan Müəllimlər İnstitutuna gələn şagirdlərə məlumat verilib ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Qeyd olunub ki, institutun ötən il istifadəyə verilən yeni binası altı mərtəbədən ibarətdir. Ali təhsil ocağında, ümumilikdə, 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.

Keçidlər