Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük Qəhrəmanlıqdır!

19 may 2020 | 11:00

Azərbaycan çox keçmiş zamanlardan bu günə qədər tarixin çox çətin sınaqlarından üzüağ çıxmağı bacarmışdır. Vətənimizin keçdiyi çətin sınaqlardan biri də yaddaşlardan heç vaxt çıxmayacaq Qarabağ hadisələri idi ki, bu hadisələr zamanı qadınlarımız, böyüklərimiz, kiçiklərimiz bu torpaq uğrunda canlarından keçməyə hazır idilər. Xalqın, torpağın bu çətin günlərdə vətənin yanında olan bu qəhrəmanlar heç bir maddiyyat güdmədən canlarını verməyə hazır idilər və bu tarix boyu belə idi. 

Azərbaycanın bugünki gəncliyi də bu qəhrəmanların qanını daşıyır və bu qanla fəxr edir. Bu hərəkat inkişaf edərək bu gün daha yüksək zirvəyə çatıb və bu hərəkat artıq dövlət qayğısı ilə sistemli şəkildə idarə edilir. Azərbaycan bu gün müharibə şəraitində yaşayan ölkədir. Bir məsələni nəzərdə saxlamaq lazımdır ki, dünya dayanmadan inkişaf edir və bu müharibə artıq yalnız səngərdə yox ağla gələ biləcək hər yerdə gedir. 

Azərbaycan könüllüləri artıq bir dünya brendinə çevrilir. Buna çox sadə sübutlar var. Könüllülərimiz artıq neçə illərdir ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə təşkilatçılıq edir və bu tədbirlərə ölkə xaricindən yüksək vəzifəli şəxslər gəlir. Onların hava limanında qarşılanmadan  getdiyi gün  hava limanına qədər könüllülərimiz onlarla birlikdə vaxt keçirirlər. Könüllülərimizin yüksək intellektual səviyyəsi,geniş dünyagörüşü,üstün mədəniyyəti,tam nizam-intizamlılığı artıq həmin şəxslərdə Azərbaycan gəncinə, Azərbaycan könüllüsünə böyük maraq yaradır.  Onlar hər dəfə şahid olurlar ki, Azərbaycan gənci, Azərbaycan könüllüsü öz xalqına, öz vətəninə, öz ölkə rəhbərliyinə bağlıdır, ali məqsədi isə xalqa xidmət, vətənə və dövlətinə sədaqətdir. Artıq dünyanın lider ölkələri "Könüllülükdə Azərbaycan Modelini" alıb, öz ölkələrində tətbiq etmək istəyirlər. Həmin ölkələr də istəyirlər ki, onların könüllüləri  bizim könüllülərin səviyyəsində olsun. Bu gün bu məsələ çox fəxr ediləsi bir məsələdir,  çünki biz artıq dünyada Azərbaycanın simasına çevrilirik.

Bildiyimiz kimi, dünyanı cənginə almış "Covid-19" pandemiyası ilə əlaqədar bütün dünyada iqtisadi,siyasi durğunluq yaşanır və insanlar məcburi şəkildə çətin həyat şəraitində yaşayırlar. Amma bu dövrdə belə Azərbaycan Könüllüləri hər zaman öz missiyalarını bir an olsun belə axsatmadılar. Bu gün Azərbaycan könüllüləri həmrəylik nümayiş etdirir. Onlar bu çətin günlərdə birləşərək 18 qabaqcıl təşkilat ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzini yaratmış və dövlət dəstəyini xalqa hiss etdirən ən böyük qüvvəyə çevrilmişdir. Azərbaycan könüllüləri bu gün pandemiya ilə müharibədə ön cəbhədədirlər.

Tarixin səhifələrindən süzülərək gələn bu könüllü fəaliyyəti daim ölkə rəhbərliyinin gənclər siyasətində əsas istiqamətlərindən biri olmuşdur. Və bu özünü bariz şəkildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 31 dekabr tarixli  "2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə bağlı sərəncamı ilə göstərdi. Ölkədə bütün bir ilin yalnız bizə aid edilməsi çox böyük qayğı və diqqətin göstəricisi və könüllülərə çox böyük stimul və motivasiya mənbəyidir. Cənab Prezidentin çıxışlarında verdiyi tövsiyə və tapşırıqlar nəticəsində artıq demək olar ki, ölkənin bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında könüllü fəaliyyət yaradılmışdır. Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir. Bu gün ölkəmizin brendinə çevrilən könüllü hərəkatının əsas hərəkətverici qüvvəsi olan "Miqrasiya Könüllüsü" İctimai Birliyi, "Asan Könüllüləri" Gənclər Təşkilatı, Aqrar İnkişaf Könüllülərinin fəaliyyətləri ilə fəxr etmək olar.  

Mən özüm də Cənab Prezidentin tapşırıqlarına birmənalı şəkildə qoşulan, könüllülük  fəaliyyətinin təşkil edilməsinə  ciddi önəm verən Xətai Rayon İcra Hakimiyyətində  könüllü olmuşam. Cənab Prezidentin tapşırığı ilə artıq müəyyən müddət könüllü olmuş  gənclər dövlət orqanlarında iş ilə təmin edilir ki, bu da  ölkənin bütün gənclərində stimul yaradır və bu fəaliyyətə təşviq edir.

Sonda isə Azərbaycan könüllülərinə öz təcrübələrimə əsaslanan bir neçə tövsiyə vermək istərdim. Daim bu fəaliyyətin tam olması üçün əlimizdən gələni hər birimiz etməliyik çünki bu gün bu fəaliyyətin inkişafı Azərbaycan xalqının, gəncliyinin, dövlətinin inkişafıdır. Bizim əsas amalımız xalqa xidmət və sədaqət,  Azərbaycan könüllülərinin devizlərindən biri olan "Sən-Fərqlisən" devizinə layiq olmaqdır.

Fərid Quluzadə, Könüllük fəaliyyətinin fəalı

Keçidlər