Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid baş leytenant Rzazadə Həsən Vüqar oğlunun anım günü qeyd olunub

31 oktyabr 2021 | 11:00

 Xətai rayonunda   Şəhid baş leytenant Rzazadə Həsən Vüqar oğlunun anım günü qeyd olunub, abidə kompleksinin açılış mərasimi keçirilib.

Oktyabrın 31-də rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Xalq artisti Əli Nur, Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov qazilər və rayon ictimaiyyətinin  nümayəndələri İkinci Fəxri xiyabanda Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidi, baş leytenant Həsən Vüqar oğlu Rzazadənin məzarını ziyarət etdilər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, savaşın başladığı ilk gündən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi. Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycan Ordusu döyüş meydanında erməni işğalçılarına  layiqincə cavab verərək, onları torpaqlarımızdan qovdu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində qısa zaman kəsiyində - 44 gün ərzində möhtəşəm Zəfər qazandıq. Torpaqlarımızı  qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik.
Sonra mərasim iştirakçıları  İlqar Zülfüqarov küçəsi 29\42 a ünvanında şəhid Həsən Rzazadənin memorial abidə kompleksinin açılışında iştirak etdilər.
Mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək şəhid Həsən Rzazadənin qəhrəmanlığından söz açdı, belə igid övlad böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür etdi. R.Quluyev Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı haqqında danışdı. O, Allahdan bütün şəhidlərə rəhmət dilədi, qazilərə cansağlığı arzuladı.
YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mərasimdə çıxış edərək söylədi ki, bu gün qəhrəmanlıq tariximizi yaşadan şəhidimiz Həsənin əziz xatirəsinə ucaldılan abidə kompleksinin açılış mərasiminə toplaşmışıq. Onun kimi qəhrəman Vətən oğullarının sayəsində Azərbaycanın ərazi bütövlüyü bərqərar oldu. Ölkəmiz 44 günlük Vətən savaşında böyük Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bütün şəhidlərimizin, qazilərimizin valideynləri və bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız çağdaş Azərbaycan tarixinə şanlı Zəfər səhifəsi yazıblar.
Şəhidin atası Vüqar Rzazadə çıxış edərək oğlunun Vətən müharibəsi döyüşçüsü olduğu üçün fəxr etdiyini,  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını bildirdi.
Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, abidə kompleksinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzüldü.

Keçidlər