Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əliyev Rüfət Füzuli oğlunun anım mərasimi keçirilib

09 noyabr 2021 | 11:00

Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri, Vətən müharibəsi şəhidi Əliyev Rüfət Füzuli oğlunun anım mərasimi olub. Anım günündə Dədə Qorqud Şəhidliyində  şəhidin məzarı ziyarət edilib və yaşadığı S.Orucov küçəsi 2 ünvanda xatirə lövhəsi-barelyefin qarşısında tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,  YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə,  Xalq artisti şəhid atası-Əli Nur, Hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirdilər. 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edildi. Bununla da bizim qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olundu.  Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digər çıxış edənlər  bildiriblər ki, ölkəmiz  Vətən savaşında böyük Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Bütün şəhidlərimizin, qazilərimizin valideynləri və bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız  Azərbaycan tarixinə şanlı Zəfər səhifəsi yazıblar.  Onların xatirəsi  tariximizə qızıl hərflərlə yazılıb və hər zaman qəlbimizdə yaşayacaq.

Şəhidin ailə üzvləri  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını bildirdi.

Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzüldü.

Keçidlər