Şriftin ölçüsü :

Saytın rəngi :

23 yaşlı partiya təşkilatının “ad günü”

11 fevral 2016 | 11:00

Yeni Azərbaycan Partiyasının, həm üzvlərinin sayı, həm də fəaliyyət göstəriciləri baxımından seçilən və qabaqcıl təşkilatlarından olan Xətai rayon  təşkilatının bu il fevralın 13-də 23 yaşı tamam olur.  Bu münasibətlə Xətai Rayon İcra hakimiyyətinin rəhbərliyinin də iştirak etdiyi bayram toplantısı təşkilatın sədri, Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmovun təbriki ilə açıldı.

H.Mirələmov 23 il əvvəl baş vermiş bu tarixi olaya qısa səyahət edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasinin təsis konfransı keçirildikdən çox az bir müddət sonra, bu yeni siyas təşkilatın yerlərdə qurumları yaradılmağa başlandı. Amma bu elə də sadə və asan bir iş deyildi. Hakimiyyətdə olan Xalq Cəbhəsi və Müsavat nümayəndələri yeni azərbaycançıları hər yerdə təqib edir, onları hədələyir və güclü təziyq göstərirdilər. İş elə gətirdi ki, biz -YAP-ın bir qrup fəalları Xətai rayon təşkilatını yaratmağa qərar verdik. Ancaq heç bir idarə və müəssisə qorxudan bizə təsis konfransını keçirmək üçün yer verməyə cəsarət etmirdi. Nəhayət, biz konfransımızı “Bakı” kinoteatrında keçirmək qərarına gəldik. Kinoteatrın direktoru, Heydər Əliyevə xüsusi rəğbəti və sevgisi olan  İslam  Babayevlə görüşüb qərarımızı ona bildirdik. Razılıq verdi, ancaq Xalq Cəbhəsi hakimiyyətinin təqiblərindən yayınmaq və konfransın işinin pozulmaması üçün bütün iştirakçılar həmin saatda guya, nümayiş etdiriləcək filmə baxmaq üçün bilet almalı idi. Belə də etdik və bu yolla 1993-cü il fevralın 13-də Yeni Azərbaycan Partiyasının  Xətai Rayon təşkilatının təsis konfransını keçirib onun yaradılmasına qərar verdik.

H.Mirələmov çıxışını tamamlayaraq bildirdi ki, bu gün Azərbaycan cəmiyyətinin həlledici qisminin inam və etimadına güvənən, ölkənin aydın sabahı naminə əzmlə çalışan Yeni Azərbaycan Partiyası ən yeni tariximizin 25 illik bir dörü ərzində 23 illik  şərəfli yol keçmişdir. Bu yola nəzər salanda aydın görünür ki, YAP müstəqilliyimizin ilk illərində olduğu kimi, bu gün də Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi taleyində müstəsna rol oynamaqdadır. Xətai rayon təşkilatı və onun üzvləri isə həmişə bu partiyanın  ön sıralarında olmuşlar.

Təşkilatın yaradılmasında xüsusi xidmətləri olanlardan biri, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki,  ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli idealları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.

Məsləkdaşlarını təşkilatın yaranması münasibətilə təbrik edən V.Rəhimzadə, onu da qeyd etdi ki, məhz hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli liderləri – ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqla sarsılmaz birliyi ötən illərdə Azərbaycanın inanılmaz intibah yolu keçməsinə, qısa bir dövrdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə imkan yaratmışdır.

Toplantıda  rayon təşkilatının sıralarında birləşən partiya üzvlərini səmimi təbrik edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə bildirdi ki, Yeni Azərbaycan Partiyasının gücünün, qüdrətinin birinci mənbəyi ümummilli lider Heydər Əliyev amilidir. İkinci mənbəyi  onun hazırki sədri İlham Əliyev amili və onun modern, müasir və güclü bir Azərbaycan qurmasıdır. Üçüncü mənbə isə partiyanın 600 mindən çox üzvünün Heydər Əliyev amallarına, İlham Əliyev strateji xəttinə və şəxsiyyətinə sonsuz inamıdır. Biz kifayət qədər təkmil siyasi təlimə – ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad edirik. Bu təlim Azərbaycanın müstəqilliyinə, onun əbədi, dönməz xarakter daşımasına təminat vermişdir.

Natiq onu da vurğuladı ki, tarixə qovuşan illər ərzində hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar isə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirmiş, daha da sarsılmaz etmişdir. Əlbəttə bu işdə 23 yaşlı YAP Xətai rayon təşkilatının, onun 17 mindən çox üzvünün də xüsusi payı var.

Çıxışlardan sonra YAP Xətai rayon təşkilatının fəal üzvlərindən bir qrupu fəxri fərmanla təltif olundu, partiyanın sıralarına yeni qəbul olunmuş vətəndaşlara isə üzüvlük biletləri təqdim edildi.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti”

Keçidlər