Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA GƏNCLƏR ORDU SIRALARINA YOLA SALINDI

12 aprel 2017 | 11:00


Dövlət Başçısı İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq növbəti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı  Xətai rayonundakı Heydər Əliyev parkında çağırış yaşı çatan gənclərin  ordu sıralarına yolasalınma mərasimində tədbir iştirakçıları Ulu Öndərin abidəsi qarşısına tər çiçəklər düzdülər.
Xətai rayonu İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xətai Rayon   İdarəsinin və rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə keçirilən gənclərin hərbi çağırışa yola salınması münasibətilə keçirilən tədbir Heydər Əliyev adına Ali Hərbi Məktəbin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Sonra Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon rəhbərliyinin, müharibə veteranlarının və valideynlərin iştirak etdiyi tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ordumuzun qüdrətindən, dinamik sürətlə inkişaf edən ölkəmizdə  bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da gedən böyük irəliləyişlərdən danışaraq demişdir:  “Bu yol vətənini, torpağını, xalqını sevən  hər bir gənc üçün şərəf yoludur. Ən önəmlisi də odur ki, bu gün müddətli həqiqi  hərbi xidmətə yola düşən gənclərimiz bünövrəsi Ulu Öndərimiz Heydər Əliyevin tərəfindən qoyulmuş, Ali Baş Komandanımız möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət edirlər. Rayonumuzdan da hərbi xidmətdə olan gənclərimiz həmişə vətənə şərəflə xidmət etmiş, rayonumuzun adını uca tutmuşlar. Biz də rayon İcra Hakimiyyəti olaraq mütəmadi olaraq onlarla belə yolasalma mərasimləri təşkil edir, ordudan tərxis olunanlarla görüşlər keçiririk. Biz Müstəqil Dövlətimizin rəşadətli ordusunun gücünü bir daha keçən il aprel döyüşləri zamanı gördük. 4 günlük döyüş həm düşmənlərimizə, həm dünyaya Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu göstərdi. Bir daha bəyan oldu ki, biz sülhsevər xalqıq, heç bir müharibə istəmirik. Amma torpaqlarımızı azad etmək üçün, müstəqilliyimizi qorumaq üçün, ərazi bütövlüyümüzü bərpa etmək üçün qüdrətli ordumuz var və bu ordu öz Ali Baş Komandanının əmrini gözləyir. Burada həmin döyüşlərdə iştirak etmiş, şəhid olmuş igid oğullarımız pilot mayor Təbriz Musazadənin, əsgər Rəşad Niftalılının, əsgər Xaliq Əzizzadənin valideynləri, yaxın qohumları, onlara dərs deyən müəllimlər də iştirak edirlər. Mən bu qəhrəman övladlarımızın valideynlərinə bir daha belə igid, qəhrəman övladlar üçün minnətdarlığımı bildirirəm.”
Tədbirdə çıxış edən  millət vəkili Hüseynbala Mirələmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xətai Rayon   İdarəsinin rəisi polkovnik  Mehman Qurbanov, Böyük Vətən Müharibəsi veteranları şurasının Xətai rayon şöbəsinin sədri Nəcibə Məhərrəmova, Rayon İcra Hakimiyyəti Başçısı apatatının İctimai siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, çağırışçı valideyni Famil Əliyev, çağırışçı Pərviz Nuriyev, Vətənin müdafiəsinə yola düşənlərə əsl mərdlik, şücaət məktəbini  şərəflə keçməyi, hərbi  texnikanın sirlərini  mükəmməl öyrənməyi, lazım gələrsə, hər an torpaqlarımızı azad etmək üçün müsəlləh əsgər olmağı arzuladılar. Vətənə borclarını verməyə gedən gənclərimizi isə yalnız bir amal birləşdirir: “İşğal olunan torpaqlarımızı azad etmək, vətənimizın keşiyində ayıq-sayıq dayanmaq”.
Tədbirdə gələcək əsgərlərə rayon İcra Hakimiyyətinin hədiyyələri də təqdim edildi. Mərasim  Xətai rayonunda fəaliyyət göstərən mədəniyyət evinin kollektivlərinin  və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirildi. Sonra çağırışçı gənclər və “Şahin” hərbi idman oyunlarının qalibi olmuş komandalar orkestrin ifa etdiyi marş sədaları altında tədbir iştirakçıları qarşından nümunəvi keçidlə keçdilər.

Keçidlər