Dekabrın 28-də Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir.
Dekabrın 28-də Xətai rayonunda, M.Rüstəmov küçəsində təşkil olunmuş yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 400 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb etmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı və ət məhsulları və s. satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır. Yarmarkada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 45-60, kartof 70-90, yumurtanın 1 ədədi 10 qəpiyə və s. satılır.
Kənd təsərrüfatı naziri Heydər Əsədov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanmışlar.
Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirmişdir ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Bakıya kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilmişdir. Artıq 7 ildir ki, fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəməkdir.
Nazir vurğulamışdır ki, paytaxtda təşkil edilən ənənəvi yarmarkaların təkmilləşdirilməsi planlaşdırılır və bu, artıq zamanın tələbidir.
Rayon sakinlərinin nəzərinə onu da çatdırırıq ki, yarmarka 4 gün müddətində davam edəcək.