Aramsız yağan yağışların törətdiyi fəsadlar və onların aradan qaldırılması istiqamətində görülən işlər barəsində müşavirə keçirildi
Son günlər Bakı şəhərində iqlim normasından artıq intensiv yağan güclü leysan yağışları nəticəsində rayonumuzun bir sıra yaşayış məntəqələrində sakinlərin normal həyat şəraiti qismən pozulmuşdur.
26 oktyabr 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon Fövqəladə Hallar Komissiyasının sədri - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərovun rəhbərliyi ilə rayonun aidiyəti qurumları – Rayon Sukanal İdarəsi, Rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr və digər qurumların iştirakı ilə aramsız yağan yağışların rayon ərazisində törətdiyi fəsadlar və onların aradan qaldırılması istiqamətində görülən işlər barəsində müşavirə keçirilmişdir.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, son günlərdə güclü yağış sularının törətdiyi fəsadların aradan qaldırılması məqsədilə müvafiq qurumlar tərəfindən xüsusi texnikalar əraziyə -xüsusən, Naximov, A.Səhhət, M.Davud, Qafqaz, Dənizçi küçələri, Ə.Quliev və N.Rəfibəyli küçələrinin kəsişməsi, Xocalı prospektində metronun qarşısı, “Beton zavod”unun qarşısı və s. cəlb edilərək dərhal təcili təxirəsalınmaz tədbirlər görülmüşdür. Bunun nəticəsi olaraq, rayon ərazisində ciddi subasma halları qeydə alınmamışdır. Bu ərazilərdə profilaktik işlər aparılması və ərazini nəzarətdə saxlamaq məqsədilə müfafiq qurumlara tapşırıqlar verilmişdir.