“Bayraq günü” Xətai rayonunda qeyd edildi
Dövlət bayrağı günü respublikanın hər yerində olduğu kimi Xətai rayonundakı orta ümumtəhsil məktəblərində də qeyd olunub.
245 saylı orta məktəbdə keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva təhsil ocağının kollektivini əlamətdar gün münasibətilə təbrik etdi. Müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu dedi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi qəbul olundu. Bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə də gənclərə aşılanmasında ən böyük örnəyin Prezident İlham Əliyevin olduğunu vurğuladı. Məhz dövlət başçısının sərəncamına uyğun olaraq hər il respublikanın hər yerində, ölkə hüdudlarından kənarda dövlət bayrağı günü qeyd edilir. Ulu öndərin adını daşıyan və milli-mənəvi dəyərlərimizə yüksək ehtiramı ilə seçilən Heydər Əliyev Fondu da dövlət rəmzlərimizin qorunması istiqamətində mühüm xidmətlər göstərir.
Digər çıxışlarda isə vurğulandı ki, ölkədə milli mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
Tədbir çəçivəsində məktəblilərin ifasında Azərbaycan tarixindən bəhs edən səhnəciklər, şeirlər, musiqilər səsləndi.