Dövlət Bayrağı Meydanı ziyarət olundu
9 Noyabr- Bayraq günü münasibətilə Xətai rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə-müəssisə, təhsil, səhiyyə, mədəniyyət kollektivlərinin nümayəndələri Dövlət Bayrağı Meydanında olublar. Tədbir iştirakçıları ilk öncə rayon ərazisində yerləşən H.Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Daha sonra iştirakçılar Dövlət Bayrağı Meydanında olublar.
Məlumat verilib ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Diqqətə çatdırılıb ki, ümumi ərazisi 60 hektar olan meydanda inşa olunan dayağın hündürlüyü 162 metrdir.
Daha sonra tədbir iştirakıları meydanda səkkizguşəli ulduz formasında yaradılan Dövlət Bayrağı Muzeyi ilə də tanış oldular. Bildirilib ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa olunan bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid gerblər, nümayiş olunur. Burada Azərbaycanın müxtəlif illərdə qəbul olunan konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, həmçinin Silahlı Qüvvələrin Ali Baş Komandanın, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri var. Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı nümayiş olunur.
İştirakçılar Bayraq meydanından xoş təəssüratlarla ayrılıbar.