“12 Avqust – Beynəlxalq Gənclər Günü" münasibətilə tədbir təşkil olunub
10 avqust 2026-cı il tarixində Böyükşor Bulvarında "12 Avqust – Beynəlxalq Gənclər Günü" münasibətilə Nizami və Xətai rayonlarının fəal gənclərinin yaddaqalan görüşü keçirilib.
Tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami və Xətai rayonları üzrə gənclər və idman sektorlarının birgə təşkilatçılığı ilə baş tutub.
Səmimi və pozitiv atmosferdə keçən görüşün əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onların bir-biri ilə ünsiyyətinin və inteqrasiyasının gücləndirilməsi, eləcə də bilik və bacarıqlarının paylaşılması olub.
Tədbir boyunca gənclərin enerjisi və yaradıcılığı özünü xüsusilə büruzə verib. Onların ifasında müxtəlif mahnılar səsləndirilib, əyləncəli və həvəsləndirici viktorina təşkil olunub. Ardınca keçirilən voleybol oyunu isə iştirakçılara həm rəqabət, həm də komanda ruhunu yaşadıb.
Görüşün sonunda Nizami və Xətai rayonlarında keçirilən tədbirlərdə fəal və mütəmadi iştirak edən gənclərə Bakı Şəhər Gənclər və İdman İdarəsinin sertifikatları təqdim olunub.






