Şriftin ölçüsü :

Saytın rəngi :

"15 sentyabr-Bilik Günü" münasibətilə Xətai rayon məktəblərində tədbirlər təşkil olunub

15 sentyabr 2026 | 11:38

Sentyabrın 15-də yeni tədris ilinin başlanması və “Bilik Günü” münasibətilə Xətai rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Heydər Əliyev adına liseydə təşkil olunan tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Kamran İsmayılov, Milli Məclisin deputatları Zahid Oruc və Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin büstü qarşısına tər güllər düzülüb, ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü,  suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara təhsil həyatında uğurlar arzulayıblar. Bildirilib ki, müasir dövrdə təhsilin inkişafı, gənc nəslin hərtərəfli formalaşması və onların bilikli, savadlı, vətənpərvər və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyi, təhsili dövlət siyasətinin mühüm və strateji sahəsi kimi qiymətləndirdiyi vurğulanıb. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə təhsil infrastrukturunun yenilənməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllim və şagirdlərin inkişafı üçün yaradılan imkanlar savadlı, istedadlı və vətənpərvər gənc nəslin yetişməsinə mühüm töhfə verir.

Tədbirdə həmçinin məktəbin respublika səviyyəli müxtəlif fənn olimpiadaları, müsabiqə və yarışlarında yüksək nəticələr göstərmiş şagirdlərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə diplom və mükafatlar təqdim olunub.

Çıxış edən şagirdlər onlara göstərilən diqqət və qayğıya, təhsil və inkişaf üçün yaradılan geniş imkanlara görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər və yeni tədris ilində daha böyük uğurlara imza atacaqlarını bildiriblər.

Tədbirin sonunda yeni tədris ilinin ilk zəngi çalınıb. Müəllim və şagirdlər böyük sevinc və yüksək əhval-ruhiyyə ilə sinif otaqlarına daxil olaraq yeni tədris ilinə start veriblər.

Yeni tədris ili münasibətilə bütün müəllim və şagirdlərə uğurlar arzulayırıq!

Keçidlər