59 nömrəli məktəbdə “Ailə ənənələrinin möhkəmləndirilməsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub
Xətai rayonunda “Ailə ənənələrinin möhkəmləndirilməsi: Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Xətai Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə baş tutub.
Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən görüşdə erkən nikahın fəsadları, ailə institutunun sağlam şəkildə formalaşdırılmasının əhəmiyyəti və cəmiyyət üçün doğurduğu nəticələr barədə geniş məlumat verilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Sosial Xidmətlər Agentliyinin “Səyyar sosial xidmətlərin təşkili” şöbəsinin müdiri Elşən Kərimli, Agentliyin Bakı filialının müdir müavini Xəyalə Qəmbərova, Xətai rayon Prokurorluğunun prokuroru Pünhan Eyvazov, Xətai rayon Məhkəməsinin hakimi Vüqar Nağıyev, Xətai rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, 4 saylı Qadın Məsləhətxanasının həkim-ginekoloqu Ceyran İmaməliyeva çıxış ediblər.
Natiqlər erkən nikahların həm sosial, həm psixoloji, həm də hüquqi baxımdan ağır nəticələr doğurduğunu, bu halların qarşısının alınması üçün dövlət qurumları, məktəblər və ailələr arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.
Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.






