Cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin məşğulluğuna dəstək davam edir
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli, 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın 8.5.1 yarımbəndinin Xətai rayonunda icrasının təmin edilməsi məqsədilə cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi, onların məşğulluğunun artırılması, sosial adaptasiyasının dəstəklənməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər görülür.
Bu çərçivədə Xətai rayon İcra Hakimiyyəti tərəfindən məsələ xüsusi diqqətdə saxlanılır. Rayon ərazisində fəaliyyət göstərən işəgötürənlər və sahibkarlarla mütəmadi maarifləndirici görüşlər keçirilir, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin məşğulluğunun təmin edilməsinin sosial əhəmiyyəti barədə məlumatlandırma aparılır və onların əmək bazarına inteqrasiyasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi təşviq olunur.
2025-ci il ərzində Xətai rayonu üzrə cəzaçəkmə yerlərindən azad edilmiş 16 nəfər şəxs daimi işlə təmin olunub. Həyata keçirilən məşğulluq tədbirləri həmin şəxslərin əmək fəaliyyətinə cəlb edilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və təkrar hüquqpozmalara yol vermədən cəmiyyətə uğurlu reinteqrasiyasına mühüm töhfə verir.
Bununla yanaşı, özünüməşğulluq proqramı çərçivəsində də həssas əhali qruplarının dəstəklənməsinə xüsusi önəm verilir. Proqramın icrası zamanı aşağıdakı kateqoriyadan olan işsiz şəxslərə üstünlük verilir:
- ünvanlı dövlət sosial yardımı alan şəxslər;
- əlilliyi olan şəxslər;
- şəhid ailələrinin üzvləri;
- bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslər;
- pensiya yaşına çatmasına iki ildən az qalmış şəxslər;
- cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslər.
Həyata keçirilən tədbirlər cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin cəmiyyətə uğurlu reinteqrasiyasına, sosial rifahının yüksəldilməsinə və dayanıqlı məşğulluğunun təmin edilməsinə xidmət edir.






