Dövlət qulluğu sahəsində aparılan islahatlar və qarşıda duran vəzifələr müzakirə olunub
Xətai rayon İcra Hakimiyyətində dövlət qulluğu sistemində həyata keçirilən islahatlar, bu sahədə qəbul edilmiş qanunvericilik aktları və qarşıda duran vəzifələrlə bağlı əməkdaşların mütəmadi məlumatlandırılması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
Təlim zamanı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın əsas istiqamətləri, Strategiyada nəzərdə tutulan hədəflər, dövlət qulluğu sistemində mövcud vəziyyətin təhlili və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.
Bildirilib ki, dövlət qulluğunda idarəetmənin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri rəhbər tutan, bilik və bacarıqları, eləcə də şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunun formalaşdırılması dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, ölkəmizdə həyata keçirilən islahatların tələblərinə uyğun olaraq, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarına vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər əsasında qurulması, vətəndaş müraciətlərinə həssaslıqla və məsuliyyətlə yanaşılması, fəaliyyət zamanı şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Qeyd olunub ki, dövlət qulluqçuları xidməti fəaliyyətlərində qanunçuluq, şəffaflıq, məsuliyyət və etik davranış prinsiplərini əsas tutmalı, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində səylərini davam etdirməlidirlər.






