Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında dini maarifləndirmə istiqamətində təlim keçirilib

12 may 2026 | 18:24

12 may 2026-cı il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda Xətai rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzrə Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə sektoru və Azərbaycan İlahiyyat İnstitutunun nümayəndələrinin iştirakı ilə “Dini radikalizmin səbəbləri və mübarizə metodları” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim zamanı dini radikalizmin yaranma səbəbləri, onun cəmiyyət üçün yaratdığı təhlükələr və bu hallarla mübarizə üsulları barədə geniş məlumat verilib. Çıxış edənlər dini radikalizmə qarşı mübarizədə maarifləndirmənin, milli-mənəvi dəyərlərin qorunmasının və sağlam dini düşüncənin formalaşdırılmasının vacibliyini xüsusi vurğulayıblar.

Bildirilib ki, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin qorunması, tolerantlıq və multikultural dəyərlərin inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bu prosesdə dövlət qurumları ilə yanaşı, vətəndaşların, xüsusilə də gənclərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.

Tədbirdə qeyd olunub ki, Vətənə və dövlətə sevgi, Vətənin müdafiəsi İslam əqidəsinin əsas prinsiplərindən biridir. Bu baxımdan gənclərin düzgün dini maarifləndirilməsi, milli və mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsi istiqamətində tədbirlərin davamlı şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Keçidlər