Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynova polkovnik-leytenant hərbi rütbəsi təqdim olunub
Xətai rayon İcra Hakimiyyətində Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun polkovnik-leytenant hərbi rütbəsinin təqdim olunması münasibətilə tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Nicat Həsənov, Dövlət Təhlükəsizlik Xidmətinin Xətai rayon İdarəsinin rəisi Fuad Hacıyev, rayon ağsaqqaları, şəhid ataları iştirak ediblər.
Çıxış edənlər Vətən Müharibəsində göstərdiyi igidlik və şücaətə görə ölkə başçısının sərəncamları ilə təltif olunan Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Azərbaycan Silahlı Qüvvələrində nümunəvi xidmətindən bəhs edərək, ona təqdim olunan polkovnik-leytenant hərbi rütbəsinin dövlətin hərbi qulluqçuların əməyinə və fədakarlığına verdiyi yüksək qiymətin daha bir göstəricisi olduğunu vurğulayıblar.
Daha sonra Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynova polkovnik-leytenant hərbi rütbəsi təntənəli şəkildə təqdim olunub.
Sonda çıxış edən Zaur Hüseynov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycanın suverenliyinin və dövlətçiliyinin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün gücü ilə çalışacağını bildirib.






