Xətai Rayon İcra Hakimiyyətində “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilib
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 3199 nömrəli sənədin 5.1-ci bəndinə uyğun olaraq Mülkiyyət hüququnun qorunması mexanizmlərinin izah edilməsi və bu sahədə praktiki biliklərin möhkəmləndirilməsi məqsədilə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyəti başçısının Hüquq və kadr məsələləri sektorunun müdiri Teymur Əzizov mövzunun aktuallığından bəhs edərək bildirib ki, dövlət qurumlarının fəaliyyətində insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması əsas prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, mülkiyyət hüququnun müdafiəsi hüquqi dövlət prinsiplərinin təmin edilməsində mühüm rol oynayır və vətəndaşların dövlətə olan etimadının möhkəmlənməsinə xidmət edir.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu sahədə baxdığı işlərə toxunub. O, ötən il ərzində Məhkəmənin Azərbaycana qarşı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı şikayətlər üzrə qəbul etdiyi qərarlar haqqında iştirakçılara ətraflı məlumat verib.
Daha sonra İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev və təlimçi-ekspert Orxan Bəşirli mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər. Təqdimatlarda mülkiyyət hüququnun mahiyyəti, onun müdafiə mexanizmləri, hüquqi mübahisələrin qarşısının alınmasında qanunvericiliyin düzgün tətbiqinin və inzibati qərarların əsaslandırılmasının əhəmiyyəti vurğulanıb.
Təlimin praktiki hissəsində iştirakçılara hipotetik hüquqi vəziyyət təqdim olunub. Müzakirələr zamanı onlar müxtəlif hüquqi yanaşmaları təhlil edərək, real təcrübədə rast gəlinən problemlərin həlli yollarını qiymətləndiriblər.
Sonda iştirakçılar təlim proqramını qiymətləndirib, onlara sertifikatlar təqdim olunub.






