Xətai rayon məktəblərində "Son Zəng" çalındı
13.06.2026-cı il tarixdə Xətai rayonunun orta ümumtəhsil məktəblərində təhsil ilinin başa çatmasını bildirən son zəng çalınıb. Minlərlə məzun 11 il dərs aldıqları təhsil ocaqlarına əlivida deyib, müəllimlərinə minnətdarlıqlarını bildiriblər. Məktəblərdə keçirilən tədbirlərə şəhid ailələrinin üzvləri və qazilər fəxri qonaq kimi dəvət olunublar.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Zahid Oruc, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov Heydər Əliyev adına liseydə və Humanitar Fənlər Təmayüllü məktəb-liseydə təşkil olunmuş "Son zəng" tədbirlərində iştirak ediblər.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibəti ilə təbrik edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Xətai rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb. Həmçinin, rayon rəhbəri doğma yurdlarımızın Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğulayıb və qələbə üçün döyüşən igid övladlarımızın müstəqil Azərbaycanın orta məktəblərində formalaşdığını, təlim-tərbiyə olunduğunu, milli vətənpərvər ruhda yetişdiyini qeyd edib.
Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, məktəb həyatı insan ömrünün ən dəyərli və yaddaqalan mərhələlərindən biridir. Deputat qeyd edib ki, bu gün müstəqil Azərbaycanın gəncləri yüksək səviyyədə təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək üçün hər cür imkanlarla təmin olunublar. Zahid Oruc məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq, onların ölkəmizin inkişafına töhfə verən savadlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi yetişəcəklərinə inandığını bildirib.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında məzunları "Son zəng" münasibətilə təbrik edib, onlara gələcək təhsil və əmək fəaliyyətlərində uğurlar arzulayıb. O vurğulayıb ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub, onların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb. Ramil Mirzəyev qeyd edib ki, bugünkü məzunlar ölkənin gələcəyini formalaşdıracaq əsas qüvvədir və onların əldə edəcəkləri nailiyyətlər Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edəcək. O, gənclərə milli-mənəvi dəyərlərə sadiq qalmağı, Vətənə layiqli vətəndaş kimi xidmət etməyi tövsiyə edib.
Rayonun prokuroru Sərdar İmanov da məzunları təbrik edib, onların dövlət səviyyəsində göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklərinə əminliyini ifadə edib.
Mərasimdə məzunlar və məktəblilər hazırladıqları bədii kompozisiyaları təqdim ediblər.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.






