Xətai rayonu 56 nömrəli məktəbdə “Məktəbli mediasiyası” mövzusunda maarifləndirici tədbir keçirilib
7 aprel 2026-cı il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 25 saylı Mediasiya Təşkilatı tərəfindən Xətai rayonunun 56 nömrəli tam orta məktəbində “Məktəbli mediasiyası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Bakı 25 saylı Mediasiya Təşkilatının rəhbəri və təsisçisi Aqil Əsgərov, təsisçisi Tural Məmmədov, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Əhmədov, məktəbin direktoru Könül Hüseynova, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbə rəisi Tural Şahbazov, mediatorlar Vəfa Seyfullayeva, Liza Qurbanova, Günay Cəfərova, Fəridə Salahova, Ayaz Süleymanov, Xəlil Süleymanlı, Elnur Abbaszadə, Ramin İsayev, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin direktor müavinləri, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbir zamanı çıxış edənlər məktəblərdə və gənclər arasında mediasiya biliklərinin təbliğinin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, həm nəzəri biliklərin, həm də real həyat təcrübələrinin birləşdirilməsi şagirdlər arasında münaqişələrin sülh yolu ilə həllinə, sağlam ünsiyyətin formalaşmasına və qarşılıqlı anlaşmanın gücləndirilməsinə mühüm töhfə verir.
Çıxışlarda həmyaşıd mediasiyasının mahiyyəti, fəaliyyət prinsipləri və tətbiq imkanları barədə ətraflı məlumat verilib, bu sahədə həyata keçirilən uğurlu layihə və təcrübələr iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçılara mediator Vəfa Seyfullayevanın “Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi” adlı kitabı təqdim olunub. Qeyd edilib ki, kitab münaqişələrin sülh yolu ilə həlli, sosial ədalətin təşviqi və gənclər arasında sağlam ünsiyyətin formalaşdırılması istiqamətində faydalı mənbə kimi hazırlanıb.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və məktəblərdə mediasiya mədəniyyətinin formalaşdırılmasının əhəmiyyəti bir daha vurğulanıb.






