Xətai rayonunda əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”*nın 3.3.7.3-cü bəndinin icrası çərçivəsində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali arasında fiziki aktivliyin təşviqinə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlər Xətai rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru, eləcə də rayonun ümumtəhsil müəssisələrinin birgə əməkdaşlığı ilə təşkil olunub. Məqsəd işləyən əhali və digər vətəndaşlar arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin əhəmiyyəti, oturaq həyat tərzinin yaratdığı sağlamlıq riskləri və davranış risk amilləri barədə məlumatlılığın artırılması olub.
Maarifləndirmə tədbirləri çərçivəsində rayonun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərə, rayon ərazisində fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşlarına, eləcə də əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə fiziki aktivliyin insan sağlamlığına müsbət təsirləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, iştirakçılara sağlam həyat tərzinin təşviqi, müntəzəm fiziki aktivliyin faydaları, oturaq həyat tərzinin mənfi nəticələri və sağlam davranış vərdişlərinin formalaşdırılması ilə bağlı maarifləndirici bukletlər paylanıb.
Keçirilən tədbirlər cəmiyyətdə sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və əhalinin sağlamlığının qorunmasına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.






