Xətai rayonunda Əməkdar artist Aybəniz Haşımovanın iştirakı ilə konsert proqramı təşkil olunub
17 iyul 2026 | 23:03
17.07.2026-cı il tarixdə Xətai rayonu, Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Musiqili Bakı” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımova və A.M. Şərifzadə adına Mədəniyyət Mərkəzinin yetirmələrinin birgə konsert proqramı keçirilib.
Musiqi axşamında Əməkdar artist Aybəniz Haşımova sevilən mahnılarını səsləndirərək tamaşaçılara yaddaqalan anlar yaşadıb. Konsertdə A.M. Şərifzadə adına Mədəniyyət Mərkəzinin gənc istedadları da müxtəlif janrlarda çıxış edərək öz ifa bacarıqlarını nümayiş etdiriblər.
Rəngarəng musiqi nömrələri, milli musiqi ənənələrini və vətənpərvərlik ruhunu əks etdirən ifalar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Açıq hava şəraitində keçirilən konsert parkı ziyarət edən sakinlər və şəhər qonaqları üçün xoş musiqi axşamına çevrilib.
Xətai rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin edilməsi və mədəni həyatın daha da canlandırılması məqsədilə bu cür mədəni-kütləvi tədbirlər mütəmadi olaraq təşkil olunur və artıq xoş ənənəyə çevrilib.






