Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Heydər Əliyev irsi və qalib Azərbaycanın dövlətçilik məfkurəsi” mövzusunda tədbir keçirilib.

28 oktyabr 2026 | 17:20

Oktyabrın 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsinin akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və YAP Xətai rayon təşkilatının və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinə və müasir Azərbaycanın qazandığı tarixi uğurlara həsr olunan “Heydər Əliyev irsi və qalib Azərbaycanın dövlətçilik məfkurəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə tər gül dəstələri düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev giriş nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik təməllərinin möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışının əhəmiyyətini vurğulayan R.Mirzəyev qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın ən böyük və aparıcı siyasi qüvvəsi olduğunu bir daha təsdiqləyib. O, bu gücün əsasında dayanan ideoloji və siyasi xəttin Heydər Əliyev məktəbinə söykəndiyini diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva mövzunun əhəmiyyətinə toxunaraq, YAP-ın VIII Qurultayının çağırışlarından irəli gələn vəzifələrin reallaşdırılmasında partiya üzvlərinin fəallığının mühüm rol oynayacağını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin proqram xarakterli çıxışında vurğuladığı ən önəmli mesajlardan biri müasir dövrün çağırışlarına və reallıqlarına cavab verən güclü ideoloji fəaliyyətin qurulması, gənclərimizin sarsılmaz vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsidir.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ulu Öndərin xilaskarlıq missiyasından bəhs edərək bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən və daxili xaosdan xilas edib. R.Quluyev bu müdrik siyasi xəttin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin və suverenliyimizin tam bərpası prosesinin Heydər Əliyev dövlətçilik fəlsəfəsinin təntənəsi olduğunu vurğulayıb.

YAP Veteranlar Şurasının sədr müavini Əli Həsənov partiyanın yaranma tarixinə, keçdiyi şərəfli inkişaf yoluna nəzər salıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında fəxrlə qeyd etdiyi kimi, əgər Ulu Öndər Heydər Əliyev o vaxt Azərbaycanda rəhbərlikdə olsaydı, Qarabağda heç vaxt separatizm meyilləri baş qaldıra bilməzdi. O, Ümummilli Liderin uzaqgörənliyinin bu gün dövlətçilik genetik kodumuzun əsasını təşkil etdiyini və veteranların bu zəngin irsin təbliğində hər zaman öndə olacağını ifadə edib.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışında Ulu Öndər Heydər Əliyev irsinin Azərbaycanda güclü xarici siyasət və beynəlxalq əməkdaşlıq platformasının qurulmasındakı müstəsna rolunu vurğulayıb. Qeyd edib ki, bu gün ölkəmizin qlobal səviyyəli irimiqyaslı layihələrə ev sahibliyi etməsi, beynəlxalq arenada söz sahibinə çevrilməsi və əldə olunan parlament diplomatiyası uğurları məhz Ulu Öndərin əsasını qoyduğu və cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam və inkişaf etdirilən milli dövlətçilik məfkurəsinin təntənəsidir.

Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası, Xətai rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, Ulu Öndər Heydər Əliyev ideyaları və vətənpərvərlik ruhu ilə böyüyən gənclərin 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadəti qürurla xatırladıb.

“Neftqaztikinti” Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsinin müdiri Qağaməli Seyfullayev Ulu Öndər tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının ölkə iqtisadiyyatının onurğa sütununu təşkil etdiyini, sənaye və infrastruktur sahələrində bu gün qazanılan bütün böyük uğurların məhz dahi rəhbərin uzaqgörən iqtisadi modelinə söykəndiyini deyib.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.

 

Keçidlər