Xətai rayonunda istifadə olunmuş kağızların toplanaraq təkrar emala göndərilməsi təşəbbüsü uğurla icra olunur
“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə istiqamətində mühüm addımlar atılmaqdadır. Bu məqsədlə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrə istifadə olunmuş kağız və karton tullantılarının toplanaraq təkrar emal müəssisələrinə təhvil verilməsi ilə bağlı tapşırıq verilmişdir.
Qısa müddət ərzində idarə və müəssisələr təşəbbüsə böyük həvəslə qoşularaq öz fəaliyyətləri nəticəsində yaranan kağız tullantılarını toplayıb aidiyyəti üzrə təhvil vermişlər. Bu proses həm tullantıların azaldılmasına, həm də təkrar emal mədəniyyətinin təşviqinə mühüm töhfə vermişdir.
Qeyd edək ki, belə tədbirlər təbii ehtiyatların qorunması, meşələrin qırılmasının qarşısının alınması və ekoloji tarazlığın saxlanılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu təşəbbüs cəmiyyət arasında ekoloji məsuliyyətin artırılmasına və “yaşıl düşüncə”nin formalaşmasına xidmət edir.
Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.






