Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Milli Qurtuluşdan Zəfərə Aparan Yol” mövzusunda tədbir keçirilib

05 iyun 2026 | 16:16

15 İyun – Milli Qurtuluş Günü münasibətilə 05 iyun 2026-cı il tarixində Xətai rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə Aparan Yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, kimya elmləri doktoru, professor Əfsun Sucayev, rayon icra hakimiyyətinin nümayəndələri və ASAN xidmət könüllüləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, 1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi böhran, xaos və parçalanma təhlükəsi şəraitində xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edib, dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı istiqamətində mühüm addımlar atıb. Ramil Mirzəyev qeyd edib ki, məhz həmin dövrdə əsası qoyulan siyasi sabitlik və davamlı inkişaf strategiyası nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Onun sözlərinə görə, Milli Qurtuluşdan başlanan yol Azərbaycanı böyük uğurlara və tarixi Qələbəyə aparıb çıxarıb.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev Milli Qurtuluş Gününün Azərbaycanın müasir inkişaf tarixində müstəsna yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkəmizin siyasi, iqtisadi və elmi potensialının güclənməsinə, beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib. Professor Əfsun Sucayev çıxışında elm və təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, gənclərin vətənpərvər ruhda yetişdirilməsinin, yüksək bilik və bacarıqlara yiyələnməsinin Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir daha sonra diskussiya formatında davam etdirilib. İştirakçılar tərəfindən Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycanın keçdiyi inkişaf yolu, Vətən müharibəsində qazanılmış tarixi Zəfər, gənclərin dövlət quruculuğunda rolu, elm və təhsilin inkişaf perspektivləri ilə bağlı çoxsaylı suallar səsləndirilib.

Ramil Mirzəyev və Əfsun Sucayev iştirakçıları maraqlandıran sualları ətraflı cavablandıraraq, Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki yeri, Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasları və ölkəmizin gələcək inkişaf prioritetləri barədə geniş məlumat veriblər. Diskussiya zamanı ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, milli həmrəylik, vətənpərvərlik dəyərlərinin təbliği, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər