Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Xətai rayonunda heyvan kəsimi və ət satışı sahəsində nəzarət və maarifləndirmə tədbirlərini gücləndirib. Agentlik əməkdaşları Xətai rayon İcra Hakimiyyəti ilə birgə sahibkarlarla görüş keçirərək mövcud qaydalar və risklər barədə ətraflı məlumat veriblər.
Görüş zamanı sahibkarlara baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, xüsusilə küçə və yol kənarlarında heyvan kəsiminin insanların sağlamlığı üçün ciddi təhlükə yaratdığı bildirilib. Qeyd olunub ki, ət məhsulları yalnız qanunvericiliyə uyğun şəkildə baytarlıq ekspertizasından keçdikdən sonra satışa çıxarılmalıdır.
Tədbir çərçivəsində sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və fəaliyyətlərini standartlara uyğun qurmağın vacibliyi bir daha vurğulanıb.
Bununla yanaşı, rayonda qanunsuz heyvan kəsimi məntəqələrinə qarşı reyd də keçirilib. Reyd Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Xətai Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə baş tutub. Yoxlamalar zamanı standartlara cavab verməyən ərazilərdə fəaliyyət göstərən sahibkarlara qanunvericiliyin tələblərinə əməl etmələri ilə bağlı xəbərdarlıq edilib.