Xətai rayonunda rayon ağsaqqalları arasında nərd turniri təşkil olunub+VİDEO
24.05.2026-cı il tarixdə Xətai rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ağsaqqalları arasında nərd turniri təşkil olunub. Turnir Xətai rayon İcra Hakimiyyətinin, Xətai rayon Ağsaqqallar Şurasının və Bakı Şəhəri üzrə Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev tədbirdə iştirak ediblər.
https://www.facebook.com/reel/1495317498994431
Tədbirin əsas məqsədi ağsaqqallara göstərilən diqqət və qayğını bir daha nümayiş etdirmək, onların sosial fəallığını artırmaq, cəmiyyət həyatında iştirakını təşviq etmək və asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdan ibarət olub.
Rayonun ağsaqqalları turnirdə böyük həvəslə iştirak edərək maraqlı və gərgin mübarizə aparıblar. Yarış boyunca dostluq, həmrəylik və qarşılıqlı hörmət mühiti hökm sürüb. İştirakçılar bu cür tədbirlərin onların bir araya gəlməsinə, ünsiyyət imkanlarının genişlənməsinə və fəal ictimai həyata inteqrasiyasına mühüm töhfə verdiyini bildiriblər.
Turnirin yekununda I, II və III yerləri tutan iştirakçılar kubok, medal, diplom və pul mükafatları ilə təltif olunublar. Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və xoş təəssüratlarla yadda qalıb.






