Xətai rayonunda “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş **“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”**nın 3.3.7.1 və 3.3.7.3-cü bəndlərinin icrası çərçivəsində Xətai Rayon İcra Hakimiyyəti və rayonun ümumtəhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərin əsas məqsədi şagird və müəllim heyəti arasında sağlam həyat tərzinin təşviqi, düzgün qidalanma, fiziki aktivliyin artırılması, zərərli vərdişlərdən uzaq durulması və sağlam yaşam mədəniyyətinin formalaşdırılması istiqamətində məlumatlılığın yüksəldilməsi olub.
Çıxış edənlər sağlam həyat tərzinin cəmiyyətin inkişafında, xüsusilə də gənc nəslin fiziki və mənəvi sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, Strategiyada nəzərdə tutulan tədbirlər çərçivəsində ali və orta təhsil müəssisələrində tələbə, şagird və müəllimlər üçün müxtəlif informativ və maarifləndirici resursların hazırlanması və geniş istifadəsi xüsusi önəm kəsb edir.
Tədbirlər zamanı iştirakçılara sağlam həyat tərzi, düzgün qidalanma, idmanın faydaları, psixoloji sağlamlığın qorunması və zərərli vərdişlərin fəsadları barədə məlumat verilib, mövzuya dair maarifləndirici materiallar paylanıb.
Qeyd edilib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi gənclər arasında sağlam həyat tərzinin təşviqinə, onların sağlam və təhlükəsiz mühitdə formalaşmasına, eləcə də cəmiyyətin sağlam gələcəyinin təmin olunmasına mühüm töhfə verir.






