Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması və süni maneələrin aradan qaldırılmasına dair tədbir keçirilib

21 aprel 2026 | 17:42

21 aprel 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Xətai rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətində mövcud süni maneələrin aradan qaldırılması və qanunvericiliyin tələblərinə əməl olunması mövzusunda tədbir keçirilmişdir. Tədbirin keçirilməsi ölkədə qeyri-neft sektorunun inkişafının dövlətin iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biri olması, habelə bu sahədə institusional islahatların davamlı xarakter alması ilə əsaslandırılmışdır.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ərazisində fəaliyyət göstərən Xətai və Əhmədli bələdiyyələrinin nümayəndələri, KOBİA-nın Xətai rayonu üzrə nümayəndəsi, eləcə də müxtəlif sahələri təmsil edən sahibkarlar iştirak etmişlər.

Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında son illər həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində qeyri-neft özəl sektorunun ÜDM-də payı artmış, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Bununla belə, dayanıqlı inkişafın təmin edilməsi üçün inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın artırılması və sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması xüsusi aktuallıq kəsb edir.

Vurğulanmışdır ki, sahibkarlıq subyektlərinin fəaliyyətinə süni maneələrin yaradılması həm rəqabət mühitinə, həm də investisiya cəlbediciliyinə mənfi təsir göstərir. Bu baxımdan, bütün dövlət qurumları tərəfindən qanunvericiliyin tələblərinə ciddi əməl olunması, xidmətlərin şəffaf və operativ şəkildə təqdim edilməsi, habelə sahibkarların hüquq və qanuni maraqlarının etibarlı müdafiəsi təmin edilməlidir. Eyni zamanda, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı hüquqi məsuliyyət mexanizmlərinin tətbiqinin qaçılmaz olduğu diqqətə çatdırılmışdır.

Tədbirdə həmçinin qeyd olunmuşdur ki, qeyri-neft özəl sektorunun inkişafı regionların sosial-iqtisadi tərəqqisinin əsas hərəkətverici qüvvələrindən biridir. Sahibkarlığın genişlənməsi yeni iş yerlərinin yaradılmasına, məşğulluğun artmasına və əhalinin rifah səviyyəsinin yüksəlməsinə birbaşa təsir göstərir. Bu kontekstdə Xətai rayon İcra Hakimiyyəti tərəfindən dövlət siyasətinə uyğun olaraq sahibkarlığın dəstəklənməsi, əlverişli biznes mühitinin formalaşdırılması və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlərin davam etdiriləcəyi bildirilmişdir.

Sonda sahibkarları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmış, praktiki problemlər ətrafında fikir mübadiləsi aparılmış və səsləndirilən təkliflərin aidiyyəti üzrə nəzərə alınacağı qeyd olunmuşdur.

 

Keçidlər