Xətai rayonunda “Sənayenin inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
Xətai Rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Sənayenin inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlər keçirilib. Tədbirlər Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli, 500 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.2.1-ci bəndinə uyğun olaraq təşkil olunub.
Tədbirlərdə Xətai Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Çıxışlarda ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər, eləcə də qeyri-neft sektorunun inkişafına xidmət edən yeni mexanizmlərin — sənaye zonaları, sənaye parkları və sənaye məhəllələrinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, son illərdə sahibkarlığın dəstəklənməsi istiqamətində mühüm islahatlar aparılıb, sahibkarlıq sahəsində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və rüsumların sayı azaldılıb, lisenziya prosedurları sadələşdirilib.
Qeyd olunub ki, yerli istehsalın stimullaşdırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklər edilib, kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı geri ödəmə mexanizmi tətbiq olunub. Bununla yanaşı, iqtisadi fəallığın artırılması, həmçinin yerli və xarici investisiyaların təşviqi üçün “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” və “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” normativ aktlar qəbul edilib.
Şirkətlər arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə müzakirələr aparılıb və işgüzar görüşlər təşkil olunub.






