Xətai rayonunda tibb müəssisələrində məişət zorakılığı mövzusunda silsilə tədbirlər keçirilib
Xətai Rayonunda yerləşən tibb müəssisələrində məişət zorakılığının qarşısının alınması və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlər Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilib. Görüşlərdə tibb işçilərinə məişət zorakılığı halları ilə bağlı mövcud qanunvericilik, zorakılıq qurbanlarının tibbi və psixoloji yardıma yönləndirilməsi mexanizmləri, həmçinin bu istiqamətdə tibb müəssisələrinin rolu barədə ətraflı məlumat verilib.
Mütəxəssislər tərəfindən iştirakçılara zorakılığın erkən əlamətlərinin müəyyənləşdirilməsi, hadisələrin gizlədilməməsi və zərərçəkənlərin hüquqlarının qorunması istiqamətində görülməli tədbirlər barədə təqdimatlar keçirilib.
Tədbirlər çərçivəsində maarifləndirici bukletlər paylanıb, interaktiv müzakirələr aparılıb və iştirakçılar öz suallarını mütəxəssislərə ünvanlayıblar.
Bu cür maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsi rayon ərazisində məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsinə, ictimai məlumatlılığın artırılmasına və cəmiyyətin sağlam ailə münasibətlərinin təşviqinə xidmət edir.






