Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığına dair təlim keçirilib

20 aprel 2025 | 14:48

Xətai Rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4 bəndinin icrası – “Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi (təlimlər və qısamüddətli kurslar təşkil etməklə)” istiqamətində tədbirlər Xətai rayonunda da davam etdirilir.

Fəaliyyət Planına uyğun olaraq uşaq hüquqlarının müdafiəsi üzrə müxtəlif sahələrdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə Xətai rayonunda növbəti təlim təşkil olunub. Təlimdə rayonun ümumtəhsil məktəblərinin psixoloqları, uşaq birliklərinin rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, uşaqlarla iş sahəsində fəaliyyət göstərən qurumların əməkdaşları iştirak ediblər.

Təlim zamanı uşaq hüquqları haqqında qanunvericilik və qəbul olunmuş beynəlxalq sənədlərdə əks olunan əsas prinsiplər, uşaqlarda erkən yaşlardan psixoloji hazırlığın formalaşdırılmasının önəmi, uşaq müdafiə sisteminin gücləndirilməsi, ölkə üzrə müvafiq mexanizmlərin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib. O cümlədən, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşmanın tətbiqi, münaqişələrdən və dini ekstremizmdən zərər çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi mövzularına toxunulub.

Təlimdə həmçinin çətin həyat şəraitində yaşayan, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkar edilməsi, onların sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bununla yanaşı, alternativ qayğı xidmətlərinin inkişafı, həmçinin uşaqlara qarşı zorakılıq halların qarşısının alınması üçün görülməsi vacib olan işlər xüsusi vurğulanıb və iştirakçılara öz fəaliyyətlərində bu məsələlərə diqqətlə yanaşmaları tövsiyə olunub.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, müzakirələr təşkil edilib, mövcud problemlər səsləndirilib və iştirakçıların sualları cavablandırılıb.

Keçidlər