Xətai rayonunda uşaqlar üçün “Qırmızıpapaq və Canavar” kukla tamaşası təqdim edilib
19.07.2026-cı il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqlar üçün “Qırmızıpapaq və Canavar” kukla tamaşası nümayiş olunub.
Tədbirdə rayon sakinləri, eləcə də çoxsaylı uşaqlar iştirak ediblər.
Dünya uşaq ədəbiyyatının klassik nümunələrindən biri olan “Qırmızıpapaq və Canavar” nağılı müasir səhnə həlləri, rəngarəng dekorasiyalar və peşəkar kuklaçıların ifasında təqdim olunub. Maraqlı səhnələr və dinamik quruluş tamaşaçılara xoş anlar yaşadıb, müxtəlif yaş qruplarından olan uşaqlar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşa vasitəsilə uşaqlara ehtiyatlılıq, xeyirxahlıq və ailə dəyərlərinə sadiqlik kimi vacib mesajlar aşılanıb. Tədbirin əsas məqsədi balacaların estetik zövqünün inkişafına töhfə vermək, onların asudə vaxtının səmərəli təşkili və mədəni tədbirlərə marağının artırılması olub.






