Xətai rayonunda “Zərərli vərdişləri yox, həyatı seç!” mövzusunda idman yarışları keçirilib
Ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması və gənclərin idmana marağının artırılması məqsədilə Xətai rayonunun ümumtəhsil məktəblərində “Zərərli vərdişləri yox, həyatı seç!” mövzusunda silsilə idman yarışları keçirilib.
Tədbirlər Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4-cü bəndinin 8.4.6-cı yarımbəndinin icrası çərçivəsində təşkil olunub.
Yarışların keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin və idmanın təşviq edilməsi, narkotik vasitələrdən və digər zərərli vərdişlərdən uzaq durmağın vacibliyinin diqqətə çatdırılması, eləcə də uşaq və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Silsilə yarışlarda ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri fəal iştirak edib, müxtəlif idman növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Yarışlar şagirdlər tərəfindən böyük maraq və fəallıqla qarşılanıb.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi gənclərin sağlam həyat tərzinə təşviq olunmasına, onların idmana marağının artırılmasına və zərərli vərdişlərin profilaktikası istiqamətində maarifləndirmə işinin gücləndirilməsinə xidmət edir.






