Xətai rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib
Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Xətai rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında velosiped yarışı keçirilib.
Bakı şəhərinin 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 50-yə yaxın oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıb.
Yarışın oğlanlar arasında keçirilən mübarizəsində 260 nömrəli tam orta məktəbin şagirdi Ümid Xanəliyev finiş xəttini birinci keçərək qalib olub. 64 nömrəli tam orta məktəbin təmsilçisi Orxan Məhərrəmov ikinci, Heydər Əliyev adına liseyin şagirdi Məhəmmədəli Hüseynzadə isə üçüncü yeri tutub.
Qızların mübarizəsində 55 nömrəli tam orta məktəbin şagirdi Əsma Məmmədova birinci olub. 254 nömrəli tam orta məktəbin təmsilçisi Leyla Mütəllimzadə ikinci, 64 nömrəli tam orta məktəbin şagirdi Aynur İbadullazadə isə üçüncü nəticə göstərib.
Yarışda fərqlənən şagirdlər medal və diplomlarla təltif olunublar.
Qeyd edək ki, təşkil olunan turnir Bakı şəhərinin məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsidir. Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliği, eləcə də perspektivli yeniyetmələrin aşkar edilərək onların idmana cəlb olunmasına dəstək göstərilməsidir.






