Xətai rayonunun ümumtəhsil məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib
Xətai rayonunun ümumtəhsil məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlərdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda uşaq hüquqlarının müdafiəsinə dair nəzərdə tutulan tədbirlərin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verilib.
Bildirilib ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində hər il 20 oktyabr – 20 noyabr tarixləri ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın əsas məqsədi uşaqlara diqqətin artırılması, onların hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, cəmiyyətdə bu sahədə maarifləndirmə işinin genişləndirilməsi, eləcə də uşaqların öz hüquqları barədə məlumatlılığının artırılmasıdır.
Tədbirlərdə 20 noyabr – Ümumdünya Uşaqlar Günü münasibətilə uşaq hüquqlarının qorunması, uşaqların hərtərəfli inkişafı və onların cəmiyyətin fəal üzvləri kimi formalaşması istiqamətində görülən işlərin əhəmiyyəti də diqqətə çatdırılıb.
Məktəblilərin fəal iştirak etdiyi tədbirlərdə şagirdlər uşaq hüquqlarının mahiyyətini əks etdirən səhnəciklər nümayiş etdirib, şeirlər söyləyib və musiqi nömrələri ilə çıxış ediblər.






