Xətai Sənət Mərkəzində “Baharın rəngləri” adlı sərgi açılıb.
Xətai Sənət Mərkəzində Xətai rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi, Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə “Baharın rəngləri” adlı sərgi açılıb.
Tədbirdə çıxış edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyəti barədə məlumat verib. “Tədbirin məqsədi “Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!” şüarı altında böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngizliyini göstərmək və onun mühafizəsinə həvəsləndirməkdir. Sərgiyə ölkəmizin müxtəlif guşələrindən 800-dən çox müraciət daxil olmuş, 600-ə yaxın əsər sərgilənmək üçün seçilib. 8–21 yaş arası şəxslər üçün elan olunan sərgi aprelin 21-dək davam edəcək”,- deyə Z.Əvəzov əlavə edib.
Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov qeyd edib ki, təbiətin qorunması hər bir vətəndaşın əsas vəzifələrindən biridir. Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün üzvlərinin birgə məsuliyyəti kimi dəyərləndirilməlidir.
Sonda sərgidə əsərləri nümayiş olunan iştirakçılara sertifikat təqdim olunub.






