Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi keçirilib
10-13 oktyabr 2026-cı il il tarixlərində Xətai Sənət Mərkəzində Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Naxçıvan Rəssamlar Birliyi və Xətai Beynəlxalq Akvarel Qalereyasının təşkilatçılığı ilə plener əsərlərdən ibarət sərgi keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Turan Kərimzadə, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və rəssamlar iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, sərginin əsas məqsədi etüd əsərlərə ictimai marağın artırılması, naturanın bilavasitə öyrənilməsinin təşviqi və plener rəssamlığı ənənəsinin inkişaf etdirilməsidir. Bildirilib ki, Xətai Sənət Mərkəzində keçirilən bu cür sərgilər etüd əsərlərin təbliğində və rəssamlar arasında yaradıcılıq mübadiləsinin genişləndirilməsində mühüm rol oynayır.
Sərgidə 200-ə yaxın peşəkar rəssamın 400-dən çox əsərindən seçilmiş nümunələr, həmçinin Belarus, Qazaxıstan, Finlandiya, Əlcəzair və Hindistandan olan rəssamların əsərləri nümayiş etdirilib. İştirakçılara sertifikatlar təqdim olunub.






