Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün Türkiyədə səfərdə olan Xətai rayonunun nümayəndə heyəti görüşlər keçirib
Tədbirlərdə iştirak etmək üçün qardaş Türkiyəyə gələn Xətai rayon İcra Hakimiyyətinin Başçısı cənab Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətində təmsil olunan YAP Xətai rayon şöbəsinin sədri, millət vəkili Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Xətai bələdiyyəsinin sədr əvəzi Əliyar Əliyev və İcra Hakimiyyəti aparatının baş məsləhətçisi İnal Heydərlini isti dostluq və qardaşlıq münasibətilə qarşılayan Tarsus bələdiyyəsində bələdiyyə sədri Şövkət Can nümayəndə heyətini təkrar Tarsusda görməklərindən məmnun olduğunu bildirib.
Tarsus bələdiyyəsində baş tutan görüşdə bələdiyyə sədri Şövkət Can deyib: “2007-ci ildən qardaşlaşmış şəhərlər olan Tarsus və Xətai rayonu Azərbaycan və Türkiyə qardaşlığının ən bariz nümunələrindəndir. Çünki biz Ulu Öndər Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlətik. Bu gün Tarsusda dünya liderlərindən biri olan, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan bu park, yaxınlıqdan keçən Bərdan çayı üzərində salınmış Heydər Əliyevin və Mustafa Kamal Atatürkün adına daşyan iki körpünün arasında yerləşir. Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilən bu gözəl və möhtəşəm parkda qoyulmuş Böyük Öndər Heydər Əliyevin heykəli insanlarımızın and yerinə çevrilib. Parkda quraşdırılan uşaq əyləncə qurğuları, idman guşələri, günlüklər, nəinki Tarsusluların, eləcə də, buraya gələn turistlərin sevimli yeridir. Ona görə də bir daha Xətai rayon İcra Hakimiyyətinə, Xətai rayon bələdiyyəsinə öz minnətdarlığımızı bildiririk.
Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov isə öz növbəsində belə isti qarşılanma və dostluq münasibətinə görə öz minnətdarlığını bildirib: “Artıq Tarsus biz Xətaililərin ikinci vətəninə çevrilib. Sevinirik ki, Ulu Öndərin adını daşıyan bu gözəl Park insanların sevimli yerinə çevrilib. Bunun üçün başda bələdiyyə sədri Şövkət bəy olmaqla bütün bələdiyyə üzvlərinə və bütün işçilərə öz təşəkkürümü bildirirəm. Bu münasibətlər aramızda olan qardaşlıq münasibətlərin daha da dərinləşdirir. Biz də böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” sözlərini həmişə xatırlayırıq. Ona görə də bu gün Avropa İttifaqı, digər dövlət və beynəlxalq təşkilatlar tərəfindən qardaş Türkiyə dövlətinə qarşı yeridilən təzyiqlərə hiddətlənir, baş verən terror aktlarına kədərlənirik.
Görüşdə Millət Məclisin üzvü, dahi Heydər Əliyev haqqında kitabların müəllifi olan Hüseynbala Mirələmov bildrib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında yazdığı kitab Rusiyanın məşhur “Görkəmli şəxsiyyətlərin həyatı” seriyasına daxil olan kitablardandır. Həmin kitab artıq dünyanın 42 dilinə tərcümə olunub. Bu isə Ulu Öndərin necə dahi şəxsiyyət olmasından xəbər verir.
Sonra qonaqlar və bələdiyyə nümayəndələri Heydər Əliyev adına parkda Ulu Öndərin doğum günü ilə bağlı hazırlıq işləri ilə tanış olublar.
Səfərin ikinci günü Xətai rayonundan olan nümayəndə heyəti Mersin şəhərinin valisi cənab Özdəmir Çakacak və Mersin Böyük Şəhər Bələdiyəsinin sədri cənab Burhanettin Kocamazla görüşüb. Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovun da qatıldığı görüşlərdə Türkiyə-Azərbaycan diplomatik əlaqələri ilə yanaşı, müxtəlif sahələrdə əldə edilən nailiyyətlərdən, qarşılıqlı münasibətlərdən danışılıb.
Görüşün sonunda tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.