Xətai rayonunda ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
10.05.2017-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə Xətai rayonunda Heydər Əliyev adına parkın ərazisi, Zığ yolu küçəsi 42 ünvanın yaxınlığındakı park, Zeytun küçəsi, Rahib Məmmədov küçəsi 20 ünvanında yerləşən parkın ərazisi, Xudu Məmmədov küçəsi 27, 28 ünvanların yanı, İnqilab İsmayılov küçəsi 3 ünvanının qarşısı, Gəncə prospektində sürüşmə zonasında ağacəkmə aksiyası keçirilib.
Tədbir işirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.
Bakının ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən yaşıllaşdırma kampaniyasında Xətai rayon rəhbərliyi, idarə və təşkilatlar, könüllülər, fəal gənclər, ümumilikdə 1000-dən çox insan iştirak edib.
Yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb, ərazidə ağac, gül və bəzək kolları əkilib. Budəfəki aksiyada eldar şamı, zeytun, küknar, sərv, nar və digər meyvə ağacları, ümumilikdə 1000-ə yaxın ağac və dekorativ kol əkilib.
Rayonun ekoloji tarazlığının bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunması baxımından əhəmiyyətli olan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac, gül və bəzək kollarının əkilməsi nəzərdə tutulur.